Qarabağa ayrılan büdcə vəsaitləri artırılacaq - Prezident açıqladı


Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilib.


AFN.az xəbər verir ki, bunu Prezident İlham Əliyev TV-yə müsahibəsində deyib. O, vurğulayıb ki, artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağalı və Talış kəndlərində: "Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük- abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq".

İ.Əliyev qeyd edib ki, hazırda infrastruktur layihələri davam etdirilir: "Bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, biz büdcəyə əlavələr edək. Artıq hökumətə göstəriş verilmişdir ki, büdcə dürüstləşməsi aparılsın və Milli Məclisə təqdim edilsin. İlk növbədə Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanmışdır. Bu da şəffaflıq nəticəsində olmuşdur, yeni idarəetmə nəticəsində olmuşdur. Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur. Hazırda gömrük sahəsində də aparılan islahatlar, əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıbdır. Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq. Ona görə işləri sürətləndirmək və ölkə qarşısında duran digər vəzifələri yerinə yetirmək üçün, hesab edirəm ki, büdcə dürüstləşməsi aparılmalıdır.
Bütövlükdə, hesab edirəm ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu