1991-ci ildən indiyədək 3381 azərbaycanlı ermənilərin mina terrorunun qurbanı olub
1991-ci ildən indiyədək mina və partlamamış hərbi sursatların partlaması nəticəsində ümumilikdə 3381 nəfər azərbaycanlı xəsarət alıb.
Bu haqda Füzuli rayonunun Horadiz qəsəbəsində "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" və "Minalardan Azad Cənubi Qafqaz" regional kampaniyası çərçivəsində keçirilən tədbirdə təqdim olunan mina insidentlərinə dair məlumatda bildirilib.
Qeyd edilib ki, onlardan 358 nəfəri uşaq, 38 nəfəri isə qadındır.
Tədbirdə vurğulanıb ki, müharibə başa çatsa da, mina təhlükəsi hələ də qalır.
Həmçinin 2020-ci il noyabr - 2023-cü il 16 may tarixləri arasında 141 mülki şəxsin minaya düşdüyü, bunlardan 44 nəfərinin həlak olduğu, 97 nəfərin isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları qeyd olunub.
Bununla yanaşı bildirilib ki, 161 nəfər hərbi qulluqçu da mina və partlamamış hərbi sursatların qurbanı olublar. Bunlardan da 13 nəfəri həlak olub, 148 nəfər isə yaralanıb.
Müzakirələr zamanı mülki əhalinin minaya düşmə səbəbləri də açıqlanıb.
Qeyd edilib ki, minaya düşən şəxslərin 40 %-ni işğaldan azad edilən ərazilərdə öz ata-baba yurdlarını görmək həvəsilə qanunsuz səfər edənlər təşkil edir. Hadisələrdən 20 %-i mina ilə çirklənməyə məruz qalmış ərazilərdə infrastruktur işləri apararkən, 19%-i xidməti vəzifə və minatəmizləmə əməliyyatları zamanı, 21%-i isə kənd təsərrüfatı fəaliyyətilə məşğul olma nəticəsində baş verib.