Sinan Oğan Kamal Kılıçdaroğlunu dəstəkləsə belə... - ŞƏRH
Türkiyədə mayın 14-də keçirilən seçkilərdə prezident seçkisinin baş tutmaması və prosesin ikinci tura qalması bu istiqamətdə müzakirələrin davam etməsinə səbəb olub. Kamal Kılıçdaroğlu və Rəcəb Tayyib Ərdoğanın rəqabət aparacağı ikinci turda üçüncü namizəd olan Sinan Oğanın kimi dəstəkləyəcəyi hələ də sual altındadır. Seçkilərin ikinci turuna hazırlıqla yanaşı, bu məsələ də gündəmin əsas mövzusudur.
Belə bir məqamda P.S. Rəcəb Təyyub Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini bildirib. Lakin sonradan onunla görüş qərarı verən Ərdoğanın bundan sonrakı davranışı da maraq doğurur.
AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı şərh verib. Onun sözlərinə görə, Sinan Oğanın Kamal Kılıçdaroğlu ilə mümkün razılaşması birincinin 5 faiz səsinin ikinci turda dəstək verəcəyi siyasətçinin xanəsinə yazılacağı anlamına gəlmir: "Birincisi, həmin 5 faizin tamamı Sinan Oğana verilən səs deyil. 5 faizin içində namizədliyini geri götürən Muhərrəm İncənin, Cumhurbaşkanı Rəcəb Təyyub Ərdoğana və onun əsas rəqibi Kamal Kılıçdaroğluna etiraz edənlərin səsləri var. Bu hesabla ikinci turda Sinan Oğanın səsləri böyük ehtimalla Kamal Kılıçdaroğlu ilə Rəcəb Tayyib Ərdoğan arasında bölünəcək. Ona görə Ərdoğan arxayın şəkildə "mən Sinan Oğanın şərtlərini qəbul etməyəcəm" fikrini söyləyib. Başqa sözlə, Ərdoğanın Oğanın dəstəyinə ehtiyacı yoxdur. Kamal Kılıçdaroğlu qələbə çalmaq üçün birinci turda seçkiyə qatılmayan təxminən 8 milyon insanın ikinci turda seçki məntəqələrinə getməsinə nail olmalıdır. Qısa müddət ərzində bunu reallaşdırmaq son dərəcə çətindir".