Nazirlər Kabinetinin yeni qaydaları vətəndaşların hüquq və azadlıqları üçün ciddi risklər yaradıb


Xəbər verildiyi kimi, ötən həftə Nazirlər Kabineti "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na dəyişiklik edib.


AFN.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dəyişikliyi şərh edib. Ekspert bildirib ki, adi bir Qeydiyyat Mərkəzinə vətəndaşları izləmək və əməliyyat-axtarış səlahiyyətləri verilib. O.Gündüz bunu "ağlasığmaz" adlandırıb: "Yeni qaydalar Qeydiyyat Mərkəzinə müstəsna səlahiyyətlər, əməliyyat-axtarış və izləmə səlahiyyətləri verib. Belə ki, adi bir mərkəz bundan sonra vətəndaşın mobil telefon nömrəsində olan xüsusi məlumatları, yəni abunəçinin mobil nömrəsinin MSİSDN-i və İMSİ barədə məlumatları, o cümlədən əməliyyat növü, başlama və bitmə vaxtı, davamiyyəti, olduğu yer, başlanğıc və son stansiyalar, baza stansiyaların identifikasiya parametrləri və yerləşmələri barədə çağrı qeydiyyat məlumatları real vaxt rejimində, onlayn formada mobil operatorların informasiya sistemlərindən alacaq.
Anlaşıqlı desək, yeni qaydalar Qeydiyyat Mərkəzində oturan birisinə bütün ölkə üzrə bütün mobil telefon əməliyatlarına real vaxtda tam nəzarət etmək imkanı verib.
Qaydalarda bu addımın telefonun İMEİ nömrəsinin dəyişdirildiyini və ya surətinin köçürüldüyünü müəyyənləşdirmək məqsədilə edildiyi vurğulanıb.
Əlbəttə, anlaşılandır ki, təhlükəsizlik və cinayətkarığa qarşı, terrorizmə qarşı tədbirlər görülməlidir. Lakin bununla bağlı ölkədə oturuşmuş bir sistem və qanunlar, səlahiyyətli qurumlar var. Əvvəlki qaydalarda Mərkəz bunu hər bir konkret abunəçi ilə bağlı mobil operatorlara müraciət əsasında reallaşdıra bilərdi. Mobil operatorların bu tip məlumatları təqdim etməsinin isə xüsusi proseduru vardı.
İndi isə adi bir qurum, heç bir iz qoymadan, real vaxtda, onlayn olaraq vətəndaşı izləmək imkanı qazanmış oldu.
Düzü, anlamıram bütün bunlar nə deməkdir. Bəlkə xəbərimiz yox, Qeydiyyat Mərkəzi DTX-nın bir qurumuna, Antiterror Mərkəzinə çevrilib? Görəsən, qanunla bu səlahiyyətlərə sahib olan qurumlar, DTX, DİN baş verənlərin fərqindədirmi?
Xatırlayıram ki, "MTN işi"ndən sonra rəqəmsal mühitdə əməliyyat-axtarış, izləmə ilə bağlı qanunvericilikdə xeyli səliqə-sahman yaradılmış, səlahiyyətlər konkretləşdirilmişdi. Hökumətin yeni yanaşması isə onu deməyə əsas verir ki, mobil cihazların adi bir qeydiyyat qaydası artıq vətəndaşlaran rəqəmsal izləmə qaydasına çevrilib".
O.Gündüzün fikrincə, bu tip məsələlər heç bir halda vətəndaşların konstitusiya ilə qorunan hüquqlarının pozulmasına yönələ bilməz: "Bir daha vurğulamaq istərdim ki, yeni qaydalarda vətəndaşların hüquq və azadlıqları üçün ciddi risklər var. Bu qaydalarda əməliyyat-axtarış səlahiyyətləri olmayan bir quruma açıq-aşkar vətəndaşları izləmə səlahiyyəti verilib. Onlayn mühitdə aparılacaq bu izləmə üçün hüquqi əsaslar necə müəyyən olunacaq, izləmə prosesi necə rəsmiləşdiriləcək, izləmə nəticəsində toplanan data hara təqdim olunacaq, toplanmış datadan sui-istifadənin qarşısı necə alınacaq, təhlükəsizlik necə qorunacaq və s., bütün bunlar aydınlaşmalıdır. Ümid edirəm səlahiyyətli qurumlar, Ombudsman buna aydınlıq gətirəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu