KİV: Ukrayna Priqojin üsyanından yararlana bilmədi
Ukrayna "Vaqner" PMC-nin yaradıcısı Yevgeni Priqojinin üsyanından faydalana bilmədi.
AFN.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) adı açıqlanmayan Amerika rəsmilərinə istinadən yazır. Nəşrin mənbələri bildirir ki, bu hadisələr döyüş meydanındakı vəziyyətə mənfi təsir göstərməyib.
NYT qeyd edir ki, Vaqnerin qeyri-müəyyən statusu Ukrayna əsgərləri üçün rahatlıq olmalı idi: "Lakin qiyamın uzunmüddətli nəticələrini qiymətləndirmək hələ tezdir. Cəbhə xətti qısa müddətdə dəyişməz qalacaq. Lakin Rusiyada baş verən hadisələrdən asılı olaraq, Ukrayna hərbçiləri Priqojinin üsyanından yararlana və bir qədər irəliləyiş əldə edə bilər".
Xarici Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi Rob Linin fikrincə, Vaqnerlə Rusiya hökuməti arasında köhnə münasibətlər yəqin ki, bitib. O, Vaqnerin Baxmutun tutulması kampaniyasında çox böyük rol oynadığını qeyd edir: "Moskvanın bu il döyüş meydanında yeganə böyük qələbəsi. İndi onun hərbi əməliyyatlarda iştirakı sual olunur".