“Şahdağ” ilin bütün fəsillərində turistlərin sevimli məkanı olacaq


“Şahdağ” Turizm Mərkəzi deyəndə hər kəsin gözləri önündə qış mövsümü, ağ qara bürünmüş dağlar, xizək yolları, nəfəs kəsən soyuq hava canlanır. Çünki bura artıq təkcə azərbaycanlılar arasında deyil, eyni zamanda dünyanın bir çox ölkələrini təmsil edən qış turizmi həvəskarları arasında populyar olan dağ-xizək mərkəzlərindən biridir.


Lakin “Şahdağ” indi yay əyləncələrini, o cümlədən ekstremal turizmi sevənlər üçün də maraqlı məkana çevrilir. Elə iyunun 29-30-da bir qrup KİV nümayəndəsi üçün təşkil edilən infotur da məhz mərkəzin yay turizmi imkanlarını təqdim etmək məqsədilə reallaşdırılmışdı.
“Şahdağ” Turizm Mərkəzi QSC-nin cədri Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, ərazidə fəaliyyət göstərən hotellər və digər turizm xidmət obyektləri, eyni zamanda qonaqlara təklif olunan yay əyləncə növləri, tədbirlər və gələcək planlar haqqında danışdı.
Rüstəm Nəcəfov bildirdi ki, hazırda qarşıya qoyulan əsas hədəf mərkəzin təkcə qış turizmi baxımından deyil, ilin bütün fəsillərində fəaliyyət göstərən turizm mərkəzi kimi tanıdılmasıdır. O, yerli və əcnəbi ziyarətçilərin sayının artırılması, müştəri məmnunluğunun yüksəldilməsi, həmçinin ölkədaxili və xarici tanıtım kampaniyalarının aparılması kimi məsələlərin də mərkəz rəhbərliyinin gündəmində olduğunu dedi.
“Şahdağ”ı xarici turistlərin sevimli destinasiyasına çevirmək üçün müxtəlif təbliğat və təşviqat kampaniyaları aparıldığını deyən QSC sədri buna nail olmaq məqsədilə müxtəlif xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində yaxından iştirak etdiklərini də KİV nümayəndələrinin diqqətinə çatdırdı.
Daha sonra jurnalistlər turizm mərkəzində qonaqlara təklif olunan kanat yollarından, atraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə etdilər.
Qeyd edək ki, hazırda turizm mərkəzində qonaqlar kanat yolu, böyüklər və uşaqlar üçün kvadrosikl, bobkart, batut, off-road turlar, peyntbol, oxatma, paraplan, ziplayn, seqvey, “shahdag coaster”, atla gəzinti, velosiped əyləncələrindən istifadə edə bilirlər. Bu il həmçinin mərkəz ərazisində olan göl də istifadəyə verilib. Burada qonaqlar həm üzə, həm də su əyləncələrindən istifadə edə bilirlər.

Fəxriyyə ABDULLAYEVA










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu