Özünün FHN əməkdaşı kimi təqdim edən şəxs binaya qanunsuz artırma edir - Sumqayıtdan ŞİKAYƏT
Sumqayıt şəhəri, 30-cu məhəllə, 2A/15 saylı yaşayış binasının sakinlər təhlükəli vəziyyətdə olduqlarını deyirlər.
AFN.az-a ünvanladıqları müraciətdə onlar bildirirlər ki, qardaş Türkiyədə, Suriyada bir-birinin ardınca zəlzələlər baş verdikdən sonra paytaxt Bakıda və Sumqayıtda köhnə binaların taleyi də gündəmə gəlib. Təməli möhkəm qoyulmayan, zəlzələ dayanıqlığı nəzərə alınmayan binaların yerlə-yeksan olduğunu deyən sakinlər qeyd edirlər ki, bu baxımdan sovetdən qalma binalar daha risklidir: "Onların dözümlülüyünə zəmanət yoxdur. Sovet dövründə inşa edilən 3-4 mərtəbəli binaların çoxunun istismar müddəti başa çatıb. Sovetdən qalma digər binaların təbii fəlakətə davamlılığına zəmanət yoxdur. Binalar möhkəm tikilsə belə, sonradan edilən artırmalar binaları çox yükləyib. Bu artırmalar binanın təməlini zədələyir, binaya ağırlıq salır. Onsuz da istismar müddəti bitmiş binalar, bu artırmalara uyğun olaraq əyilir. Yəni təbii fəlakətlər zamanı da risk qrupuna aid olur.
Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən 2A/15 saylı yaşayış binası da risk qrupuna aid olan binalardandır. 32 mənzildən ibarət 4 bloklu 4 mərtəbəli yaşayış binası sonradan 4 tərəfdən artırılıb. Binanın bəzi sakinlərin vaxtilə müvafiq qurumların “vasitəçiliyi ilə” sonradan etdiyi artırmalar nəticəsində bina çox yüklənərək çökmək, əyilmək üzrədir. Sonradan edilən qeyri-simmetrik artırmalarda dar sütunlardan, borulardan istifadə edilib. Konstriktiv möhkəmlikləri çox zəifdir. Təhlükə anında bu bina texnoloji baxımdan standartlara cavab vermir. Heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. Dünya xəritəsində Azərbaycan da seysmik zona hesab olunur. Bəzi sakinlərin tamahı güc gəlir, artıq yer qazanmaq üçün başqalarının həyatlarını riskə atırlar. Yerli qurumlar da bu cür artırmaların qarşısını almalıdır. Binanın 2-ci mənzilində yaşayan özünü Fövqəladə Hallar Nazirliyinin məmuru kimi təqdim edən şəxs ilin günün bu vaxtında öz evinə eyvan artırır. Deyir, burda mənəm, Bağdadda kor Xəlifə. Pulumu vermişəm, işimi gördürürüəm, bacarırsınız siz də edin".
Sakinlər mediadan və ölkə rəhbərliyindən xahiş edirlər ki, Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən 2A/15 saylı yaşayış binasının 2-ci mənzilində yaşayan məmurun eyvan artırmasının qarşısının alınması üçün tədbir görülsün.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.