Qubad İbadoğlunun ailəsi ilə görüşünə icazə verildi


Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun ailə üzvləri ilə telefon danışığı və görüş hüququ müstəntiqin qərarı ilə məhdudlaşdırılmışdı.


Onun vəkilləri sözügedən qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət verib. Şikayət əsassız sayılaraq rədd edilib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində həmin qərardan verilmiş şikayətə baxılıb.

Məhkəmə belə qənaətə gəlib ki, telefon danışığı və görüş məhdudiyyəti ilə bağlı şikayəti Nərimanov rayon Məhkəməsi icraata götürüb araşdırmalı idi. Bu əsasla qərar ləğv edilib, iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə geri qaytarılıb.

Q.İbadoğlunun vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmədə iştirak edən müstəntiq məlumat verib ki, artıq Qubad İbadoğlunun ailə üzvləri ilə görüşlərinə qoyulan məhdudiyyət götürülüb: “Telefon danışıqlarına olan məhdudiyyət iyulun 30-da aradan qaldırılmışdı. Avqustun 15-də isə görüş məhdudiyyəti aradan qaldırılıb. Sabah ailə üzvləri gedib Qubad bəylə görüşə biləcək”.
Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu