Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini tənqid edib
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümündə bu sənədi tənqid edib.
AFN.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan Bəyannamənin qəbul edilməsinin ildönümü ilə bağlı mesajında bildirib ki, bugünkü erməni dövlətçiliyinin əsasını qoyan sənəd ölkə tarixində dönüş nöqtəsi olub və Qarabağ hərəkatının zirvəsində, SSRİ-də iqtisadi, siyasi və ideoloji böhran şəraitində qəbul edilib.
Ermənistan hökumət başçısı bildirib ki, o, Bəyannamənin mətnini 2020-ci il müharibəsindən əvvəl və xüsusən də ondan sonra dəfələrlə təkrar oxuyub.
"Bu Bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, biz sonda bizi SSRİ-nin bir hissəsinə çevirən düstur əsasında diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi qonşularımızla hər zaman münaqişə vəziyyətində saxlayan qarşıdurma diskursundan gedir”, - Paşinyan bildirib.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.