"İdalia" qasırğası Florida sahillərini vurdu
Atlantik okeanında əmələ gələn "İdalia" qasırğası ABŞ-ın Florida sahillərini vurub.
Bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Mərkəzin X sosial media saytında dərc etdiyi bəyanatda deyilir: "Fövqəladə təhlükəli Kateqoriya 3-cü İdalia qasırğası Florida ştatının Big Bend bölgəsinə çatdı. Meteoroloqlar küləyin maksimal sürətinin 201 km/saat olduğunu təxmin edirlər".
Bundan əvvəl Florida qubernatoru Ron DeSantis qasırğa ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edib. Onun ştatın qərb sahilinin 200 mildən (321 km) çox hissəsini zədələyəcəyini və Big Bend bölgəsində 3,6 ilə 4,8 m arasında fırtına dalğaları yarada biləcəyini proqnozlaşdırılır.
"İdalia" artıq Kubanın qərbində yerləşən Pinar del Rio əyalətinin bir sıra bölgələrində enerji təchizatını dayandırıb. Güclü külək və çoxlu yağıntılar səbəbindən istehlakçıların təxminən 60%-nin elektrik enerjisinə çıxışı olmayıb.