ABŞ, İndoneziya və Avstraliya qüvvələri Yavada birgə təlimlər keçirir
ABŞ, İndoneziya, Avstraliya və digər müttəfiq qüvvələrin minlərlə əsgəri bazar günü İndoneziyanın Yava adasında "Çin təcavüzünün artdığı bir vaxtda” döyüş təlimlərində zirehli imkanlarını nümayiş etdirib.
AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyası ABŞ və Çin arasında rəqabət meydanına çevrilmiş mübahisəli Cənubi Çin dənizində Pekinin hərəkətlərindən narahat olan müttəfiqləri sakitləşdirmək üçün Hind-Sakit okean regionunda hərbi ittifaqları gücləndirir.
Təlim zamanı Avstraliya hərbçiləri 5 M1A1 "Abrams" döyüş tankını, İndoneziya hərbçiləri isə Şərqi Yava əyalətinin sahilyanı bölgəsi Banyuvangidə iki həftəlik döyüş təlimi üçün iki Leopard-2 tankını yerləşdiriblər.
Bu, Avstraliya Vyetnam müharibəsindən sonra ilk dəfədir ki, öz ərazisindən kənarda döyüş tankları yerləşdirir.
"Garuda Shield" təlimi 2009-cu ildən bəri hər il Amerika və İndoneziya əsgərləri arasında keçirilir. Keçən ilki iştirakçılar Avstraliya, Yaponiya və Sinqapur təlimə yenidən qoşulublar, siyahı İngiltərə və Fransanı da əhatə etməklə genişlənib və təlimdə iştirak edən hərbçilərin ümumi sayı 5000-ə çatıb.