"Tarqovı"da qadına əxlaqsız hərəkət edən şəxs həbs edildi
Bir neçə gün əvvəl Bakı şəhərinin Səbail rayonu ərazisində - “Tarqovı”da qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub.
AFN.az Qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxs sentyabrın 1-də saat 20 radələrində piyadaların hərəkət etdiyi ərazidə mağazadan çıxan iki qadına yaxınlaşıb. O, qadınların birinin geyiminə və bədəninə əl ataraq əxlaqsız hərəkətlər etməyə başlayıb. Qadının qışqırmasını və ətrafa digər şəxslərin yaxınlaşdığını görən şəxs daha sonra qaçaraq ərazidən uzaqlaşıb.
Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törədən şəxsin Qobustan rayonu, Şıxzahırlı kənd sakini olan 1994-cü il təvəllüdl R.Babayev (şərti) olması müəyyən edilib. O, saxlanılaraq ərazi üzrə Səbail RPİ-nin 39-cu Polis Bölməsinə gətirilib və barəsində inzibati protocol tərtib edilib.
Saxlanılan şəxs daha sonra Səbail Rayon Məhkəməsinə aparılıb. O, məhkəmədə bildirib ki, hadisə vaxtı həddindən artıq sərxoş olduğu üçün özündə olmayıb:
“Həmin gün günorta saat 4-5-də 28 may adlanan ərazidəki kafelərdən birində 10-12 bakal (pivə) spirtli içki içmişdim. Axşam saat 7 radələrində Səbail rayonunda yerləşən Malakan bağına gəldim. Bir müddət orada və yaxınlıqda yerləşən “Tarqovı”da gəzişdim. Saat 8 radələrində oradakı mağazadan 2 qadının çıxdığını gördüm, içkinin təsiri altında öz hərəkətlərimi idarə edə bilmədiyimə görə onlardan birinə yaxınlaşaraq əlimlə toxundum. Daha sonra taksi ilə evə getdim. Ümumiyyətlə içki içən deyiləm, bu əməli törədərkən içki olduğuma görə özümdə olmamışam”.
Səbail Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıq etmiş şəxsə 5 sutka inzibati həbs cəzası verilib.