Sabirabadda qadının ölümü ilə bağlı prokurorluğun qərarı ləğv edilib
Sabirabadda qadının intiharı ilə bağlı prokurorluğun cinayət işinin başlanması ilə bağlı verdiyi xitam qərarından şikayətə baxılıb.
AFN.az apa-ya istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Kamil Bəşirovun sədrliyi ilə bağlı keçirilən prosesdə şikayət üzrə qərar elan olunub.
Qərara əsasən, Sabirabad Rayon Prokurorluğunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 5 aprel 2023-cü il tarixli qərarı ləğv edilib və cinayət işi üzrə əlavə istintaqın aparılması üçün iş rayon prokurorluğuna göndərilib.
Məlumatı hüquq müdafiəçisi Samir Zeynalov və zərərçəkmişin ailə üzvləri təsdiq ediblər.
Qeyd edək ki, Sabirabad rayonu, Əlicanlı kənd sakini, Səmayə Xalid qızı Zeynalova 24 aprel 2021-ci il tarixdə yaşadığı Cavad kəndində özünü ağacından asaraq intihar edib.
Lakin Səmaya Zeynalovanın valideynləri qızlarının özünü asaraq intihar etdiyinin yalan olduğunu, onun qətlə yetirildiyi barədə çoxsaylı sübut gətirərək Sabirabad Rayon Prokurorluğuna şikayət ediblər.
Sabirabad Rayon Prokurorluğunda aparılan istintaqın sonunda hadisə depressiya vəziyyətində intihar kimi qiymətləndirilərək 19 iyul 2021-ci il tarixdə cinayət işinə xitam verilib.
Qərardan narazı qalan S.Zeynalovanın anası Dilarə Əkbərova Baş Prokurorluğa şikayət edib. Sabirabad Rayon Prokurorluğunun 19 iyul 2021-ci il tarixli qərarı ləğv edilib. Cinayət işi üzrə icraat yenidən Sabirabad Rayon Prokurorluğuna göndərilib.
Prokurorluqda işə yenidən baxılıb. Sabirabad Rayon Prokurorluğu 5 aprel 2023-cü il tarixli qərarı ilə həmin fakt üzrə başlanılmış cinayət işi üzrə icraata cinayət hadisəsi olmaması əsası ilə xitam verilib.
İş üzrə Sabirabad Rayon Məhkəməsi də cinayət işi üzrə Sabirabad Rayon Prokurorluğu tərəfindən aparılmış ibtidai istintaq zamanı maddi və prosessual hüquq normaları pozulmadığı və qanunlara düzgün əməl edildiyi qənaətinə gəlib.
S.Zeynalovanın valideynləri prokurorluğun və birinci instansiya məhkəməsinin qərarlarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət ediblər.