DİN: "Dezinformasiya yayan 10-a yaxın şəxsə xəbərdarlıq edilib"
"Dezinformasiya yayan 10-a yaxın şəxs Daxili İşlər Nazirliyinə çağırılaraq profilaktik söhbətlər aparılıb".
AFN.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ermənilər sosial şəbəkələrdə dezinformasiya xarakterli məlumatlar yayır və bununla vətəndaşlar arasında nikbinlik yaratmağa çalışırlar: "Vətəndaşlarımıza xəbərdarlıq edirik ki, qarşı tərəfin yaydığı qeyri-ciddi xəbərlərə aldanmasınlar. Birmənalı şəkildə bilinməlidir ki, Qarabağ bölgəsində qanunsuz erməni silahlılarına qarşı antiterror tədbirləri görülür. Hələ ki ciddi bir siqnal bizə daxil olmayıb".
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu tərəfindən bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.