Bakı metrosunda sərnişin sayı əsaslı şəkildə artıb
Sentyabr ayının 15-dən Bakı metropolitenində qatarların yeni hərəkət qrafiki tətbiq olunur. Yeni tədris mövsümü və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar Bakı metropolitenində sərnişin sayı əsaslı şəkildə artıb.
Bakı metropolitenindən AFN.az-a verilən məlumata görə, qeyd olunan səbəbdən metropolitendə stansiyaların fəaliyyəti, sərnişin axını, qatarların hərəkət qrafiki ilə bağlı monitorinqlər davam etdirilir.
Sərnişindaşıma statistikasına əsasən, daşımanın əsaslı şəkildə artmağa başladığı sentyabrın 15-dən metropolitendən istifadə edənlərin sayı orta statistik hesabla gün ərzində 671 min 815 sərnişin təşkil edib. Bu, bütün ay ərzində orta gündəlik sərnişindaşımadan təxminən 60 min çox sərnişin deməkdir.
“Daha real təsəvvür üçün 15 sentyabr tarixindən sonrakı dövrün iş günlərinin statistikasına müqayisəli nəzər salmaq vacibdir. Sentyabrın 21 iş günü ərzində orta statistik hesabla gündəlik 681 min 43 sərnişin daşınıb. Sentyabrın 15-dən sonrakı 11 iş günündə gündəlik orta sərnişin sayı 759 min 695 təşkil edib. Müqayisə üçün qeyd edilməlidir ki, sentyabrın 15-dək olan 10 iş günündə orta statistik gündəlik sərnişindaşıma 542 min 418 olub”, - məlumatda qeyd olunur.
Qeyd edilən statistik məlumatlar nəzərə alınmaqla, gündəlik müşahidələr və monitorinqlər də davam etdirilir.