Muğan Bankdakı əmanətlər nə zaman ödəniləcək? – Deputat AÇIQLADI
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank daha bir bankın lisenziyasını ləğv edib. Belə ki, Muğan Bank artıq fəaliyyətini dayandırıb.
Bəs, sözügedən bankdakı əmanətlər nə zaman və necə ödəniləcək?
Bununla bağlı fikirlərini bölüşən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, kompensasiya almaq üçün əmanətçi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət etməlidir:
“Əmanətçinin şəxsiyyət vəsiqəsi ilə yanaşı, əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə ərizə ilə birlikdə təqdim olunmalıdır. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə, o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni də təqdim etməlidir. Əmanətlərin Sığortalanması Fondu vətəndaşın ərizəsini qəbul etdiyi gündən ən geci 90 gün ərzində vəsaitin ödənilməsini həyata keçirir. Müstəsna hallarda bu müddət daha 90 günədək uzadıla bilər. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir”.
Millət vəkilinin sözlərinə görə, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir:
“Əmanətlər dollar və ya avroda olmadıqda isə kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Yəni əmanət rubl ilə yerləşdirilibsə o zaman həmin vəsaitin manat ekvivalenti və daha sonra çarpaz olaraq dollar məzənnəsi nəzərə alınmaqla ödəniş həyata keçirilir. Bütövlükdə, Muğan Bankda sığortalanmış əmanəti olan hər bir şəxs öz vəsaitini tam olaraq geri ala biləcək. Buna görə də pulun banklarda sığortalanmış əmanət kimi saxlamaq məqsədəuyğundur”.
Qeyd edək ki, müflis elan olunmuş Muğan Bankda qorunan əmanətlərin həcmi 216,7 milyon manat təşkil edir.