Bəxtiyar Məmmədov: “Metronun "B-04" stansiyasında bəzi işləri artıq başa çatdırılıb"


Bakı metrosunun Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında sərnişin platformasının və digər əsas konstruksiyaların armatur-beton işləri artıq başa çatdırılıb.



Bunu Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, əsas işlər ərazinin relyefindən asılı olaraq, 29-31 metr dərinlikdə yerləşən 4-cü səviyyədə gedir: “Məhz bu səviyyədə gözlənildiyi kimi, inşaatçılar hidrogeoloji sürprizlərlə qarşılaşıblar. Sızıntı halında olan yeraltı su mənbəyində axıntının sürəti və həcmi qəfildən yüksəlib. Yaranmış vəziyyətin aradan qaldırılması bacarıqlı və təcrübəli mütəxəssislər sayəsində mümkün olub. Nəticədə, yeraltı süxurların şıltaqlığının qarşısı uğurla alınıb”.

O bildirib ki, yeraltı suların hərəkəti tam nəzarət altındadır: “Tikinti sahəsinə daxil olan sular platformaaltı sahədən də 7 metr dərinlikdə inşa edilmiş xüsusi su anbarına - zumpfa yönləndirilir. Oradan təmizləyici qurğuya ötürülərək, gildən, torpaqdan təmizləndikdən sonra kanalizasiya sisteminə vurulur. Ümumiyyətlə, stansiya ərazisində qrunt sularının həcmi çox olduğundan 3 su anbarı tikilib. 167,6 m uzunluqda 4-cü səviyyənin döşəmə səthi betonlanıb və sərnişin platforması tikilib”.

Metropoliten rəsmisi qeyd edib ki, yeddivaqonlu qatarların qəbul ediləcəyi platformanın və həmin hissənin uzunluğu 144 m olacaq: “Yol novlarının betonlanması da bu işlərə paralel olaraq aparılır. Burada izolyasiya məqsədilə membrandan istifadə edilib. Stansiya boyunca dəmir yolu xəttinin çəkilməsi üçün səthin normativ hədlərdə betonlanması da yekunlaşdırılıb. Qeyd edək ki, burada da "Bakı Metropoliteni" QSC-nin özünün istehsalı olan dəmir-beton bloklardan istifadə olunacaq. Ümumən "Qruntda divar" üsulunun texnoloji tələbinə uyğun olaraq, 1010 və 1021 metr uzunluqlarında olan iki tunel stansiyada tikinti işləri başlanılana qədər yekunlaşıb. "Xocəsən-Avtovağzal" və "Memar Əcəmi-8 Noyabr" mənzillərində olduğu kimi burada da bütün yollar dəmir-beton bloklar üzərindədir. Bu isə ağac şpalın alınması, gətirilməsi, gömrük xərclərinə çəkilən xərclər, qiymət fərqi, ən əsası isə istismar müddəti, istifadə və qulluq rahatlığı, asanlığı baxımından çox sərfəlidir. Yolun inşası başa çatdıqdan sonra bütün tunel boyunca qatarların hərəkətini təmin edən sistemlərin və yol infrastrukturu üzrə işlərin növbəti mərhələsinə başlanılacaq".

B.Məmmədov vurğulayıb ki, stansiyada quraşdırılacaq 4 ventilyatorun Rusiyadan, 17 eskalatorlarun isə Almaniyadan gətirilməsi prosesi yekunlaşdırılıb: “Daha iki eskalator əvvəlki dövrdə paytaxta gətirilmişdi. İlin sonuna qədər 3 liftin də Bakı metropoliteninə çatdırılması gözlənilir. Beləliklə stansiya quraşdırma və təchizat işlərinə də hazır vəziyyətə gətirilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu