BMT: Son üç həftədə Qəzzada öldürülənlərin 70 faizi uşaqlar və qadınlardır
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini, İsrailin son üç həftədə Qəzzada həyata keçirdiyi hücumlarda ölənlərin 70 faizinin uşaq və qadınlar olduğunu bildirib.
Lazzarini Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasında Qəzza ilə bağlı qiymətləndirmələr edib.
Qəzzada İsrailin hücumlarına qarşı təhlükəsiz yer olmadığını vurğulayan Lazzarini son 3 həftədə Qəzzada öldürülənlərlə bağlı bunları deyib: “Onların təxminən 70 faizi uşaq və qadınlardır. Bunlar sadəcə itki ola bilməz". Köçkünlərin sığındığı kilsələr, məscidlər, xəstəxanalar və mülki obyektlərə qayğı göstərilməyib, beynəlxalq humanitar qanunlarla qorunan çoxlu sayda insan həlak olub və yaralanıb. "Qəzzada indiki blokada kollektiv cəzanın bir növüdür" - deyə o bildirib.