"Azerçay" BMT-nin İqlim Dəyişmələri Konfransında iştirak edəcək
"Azerçay" Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası COP28-də iştirak edəcək.
30-dan dekabrın 12-nədək davam edəcək tədbir çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” mövzusunu əhatə edəcək. Bu pavilyonda yer alacaq “Azerçay” Azərbaycan çay ənənələrini təmsil edəcək. Tədbir çərçivəsində illərdir Azərbaycan çay mədəniyyətinin təbliği ilə məşğul olan milli markamız ziyarətçiləri çaya qonaq edəcək və müxtəlif hədiyyələr təqdim edəcək.
Konfransda 200-ə yaxın ölkənin nümayəndələri bir araya gələrək qlobal iqlim fəaliyyətini əlaqələndirəcək.
Qeyd edək ki, milli markamız “Azerçay” daim müxtəlif qlobal layihələrdə ölkəmizi yüksək səviyyədə təmsil edir. Azərbaycan çay adət-ənənələrinin qorunması və təbliğini prioritetlərindən hesab edən doğma çayımız, “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyaraq dünyanın 40-dan artıq ölkəsinə ixrac edilir.