Sumqayıt-Bakı qatarında azı 40 dəqiqəlik gecikmə yaşanıb


Bu gün Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında gecikmə yaranıb. Sərnişinlər bildirirlər ki, təxminən 40-50 dəqiqəlik gecikmə hava şəraiti ilə əlaqələndirilib.


Tanınmış jurnalist Sülhiyyə Şirinova feyzbuk səhifəsində gecikmə ilə bağlı obrazlı yazıb: "Stansiyada gözləyərkən: "Hörmətli sərnişinlər, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarı hava şəraiti ilə bağlı gecikir". Qatarın içində olarkən: "Hörmətli sərnişinlər, qatar texniki səbəblərdən gecikmə ilə hərəkət edir".
Yüzlərlə məsum sərnişin bu məsum yalanın sədaları altında üzü Bakı sərnişin stansiyasına yol almışıq və hər kəs işə gecikmə səbəbini müdirinə ən məsum şəkildə necə izah edəcəyini düşünməkdədir.
Söhbət azı 40-50 dəqiqəlik gecikmədən gedir".

“Azərbaycan Dəmir Yolları” QSC isə gecikmə ilə bağlı açıqlamasında bildirir ki, bu gün saat 7:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqəlik gecikmə qeydə alınıb. Məlumata görə, buna səbəb Pirşağı dəmiryol stansiyasının yaxınlığında işarəvermə və rabitə xidmətində nasazlığın yaranmasıdır. Nəticədə işıqforlar qırmızı yanıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.

“Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, onlar qrafikə uyğun hərəkət edir”, - deyə ADY-nin məlumatında qeyd olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu