Nəcməddin Sadıxovun çarəsi olsaydı, başımı kəsərdi - "Tərtər işi"
"Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə prosesi davam etdirilib.
AFN.az teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə Kompleksində keçirilən prosesdə Bəkir Orucov son söz deyib.
General bildirib ki, 2022-ci ilin sentyabrında həbs olunanda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib, Beyləqanda bu hadisələr yaşananda isə korpusun qərargah rəisi olub.
Bəkir Orucov deyib ki, işgəncələrə göstəriş verənlər, nəzarət edənlər kənarda qalıb, onlar isə "zəif bənd” kimi, qurbanlıq seçiliblər. Bəkir Orucov qeyd edib ki, Müdafiə nazirinin, Baş Qərargah rəisinin, korpus komandirinin səhvlərinə görə onları cəzalandırırlar.
Onun sözlərinə görə, proseslər Müdafiə Nazirliyinin rəhbərliyinin nəzarəti altında, korpus komandiri Mais Bərxudarovun göstərişiylə baş verib: "Xainlər siyahısını kim tərtib eləyib nazirliyə göndərmişdi? O adamları ora yığdırıb işgəncə verdirən kim olmuşdu? Bərxudarov belə zəif idi ki, mən onu idarə edirdim? Korpus komandirinin xəbəri və icazəsi olmasaydı, təhqiqatçı gəlib nəinki kiməsə işgəncə vermək, heç içəri girə bilməzdi. Heç Rauf Kişiyev (Müdafiə Nazirliyinin Hüquq İdarəsinin o vaxtkı rəisi-red.) gəlib orada kimisə həbs elətdirə bilməzdi. İndi kimin adamı, pulu var, hamısı vəzifədə, bizi qurban seçiblər”.
Bəkir Orucov bildirib ki, o ərəfədə həqiqətən xəyanət olub, sadəcə, konkret kimlərin xain olduğu düzgün müəyyənləşdirilməyib: "Nəticədə Tərtər və Beyləqanda yüzlərlə hərbçiyə işgəncələr verilib, 10 nəfərdən çox adam öldürülüb”.
Təqsirləndirilən şəxslərdən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı olmuş, Beyləqan hadisələri ərəfəsində ora ezam olunan İntiqam Məmmədov son söz deyib. O bildirib ki, korpus komandiri nazirliyə siyahı göndərib və orada adları çəkilən şəxslərin düşmənlə əməkdaşlıqda şübhəli bilindiyi iddia olunub: "Mənə ittiham veriblər ki, guya ora düşmənlə əməkdaşlıqda şübhəli bilinənləri müəyyənləşdirməyə getmişəm. Yaxud yazıblar ki, guya mən kimlərisə vəzifədən əsassız və qanunsuz həbs eləmişəm. Əmri verən Baş Qərargah rəisi, korpus komandiri idi. Mən Nəcməddin Sadıxova, Mais Bərxudarova göstəriş verə bilərdim ki, filankəsi işdən çıxar? Bu qədər yalan olar?”
İntiqam Məmmədov deyib ki, o vaxtkı Baş Qərargah rəisi Nəciməddin Sadıxovla münasibətləri yaxşı olmayıb: "Qərəzli münasibətə görə də məni əsassız cəzalandırıb, iclasdan qovub. Nəcməddin Sadıxovun ən zəhləsi gedən adamlardan biri mən olmuşam. Çarəsi olsaydı, başımı kəsərdi. Mən nazirlikdən əvvəl Beyləqanda təhqiqatçı işləmişəm. O dövrdə ön xətdə mina partlamışdı. Buna görə təhqiqatçı neyləsin? Məni iclasdan qovdu”.
Ətraflı
Rahib Məmmədov da son sözündə bəraət istəyib. O bildirib ki, Beyləqanda sorğu-sualda cəmi 15 dəqiqə iştirak edib: "Bu prosesdə fəal iştirak edən, hətta zorakılığa yol verən təhqiqatçılar kənarda saxlanılıb. Mən Yazıçılar Birliyinin üzvüyəm. 3 roman, 9 şeir kitabım var. Həm qələmimlə, həm də zabit kimi bu xalqa xidmət etmişəm. Mən şərəfimi satmadığıma görə cəzalandırılmışam”.
Korpusda təlimatçı olmuş Ülvi Rəşidov da son sözündə bəraət istəyib.
Təqsirləndirilən şəxslərdən yalnız snayper bölüyünün komandiri Ziya Kazımovun son sözü qalıb. Məhkəmə iclasında onun durumu pisləşib. Məhkəməyə Təcili Tibbi Yardım çağırılıb.
Həkimlərin rəyi əsasında məhkəmə prosesi davam etdirilməyib.
Bu səbəbdən növbəti iclas dekabrın 28-nə təyin edilib.
Qeyd edək ki, prokuror Bəkir Orucovun və Ziya Kazımovun 12 il 6 ay, İntiqam Məmmədovla Ülvi Rəşidovun 10 il 6 ay, Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.