Səlim Müslümova hökm oxundu, əmlakı müsadirə edilir
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Ölkə.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror Səlim Müslümovun 13 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra hökm elan olunub.
Hökmə əsasən, Səlim Müslümova 5 il sınaq müddəti təyin olunmaqla 11 il müddətinə şərti cəza verilib.
Bundan başqa, hökmə əsasən, sabiq nazirin 8 milyonluq əmlakı da müsadirə ediləcək:
- Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil;
- Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;
- Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil;
- Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev;
- Nərimanov rayonu, Məmməd Araz küçəsində ev;
- Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;
- Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.