Sabah səhər geomaqnit qasırğası olacaq
22-27 yanvar tarixləri üçün Günəş fəallığının aşağı səviyyədə qalacağı, əsasən M sinif və kiçik ehtimalla X sinif alışmaların olacağı proqnozlaşdırılır.
Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, Günəş küləyi parametrləri yanvarın 22-də normal səviyyədə olacaq. Yanvarın 20-də baş vermiş tac kütlə atılması hesabına 22-23 yanvar tarixlərində Günəş küləyi parametrləri nisbətən artacaq. Yanvarın 24-dən bu parametrlər yenidən normal fon səviyyəsinə düşəcək.
Yanvarın 22-dən 23-nə keçən gecə, yanvarın 23-ü isə əsasən səhər saat 06:00 – 12:00 radələrində orta enliklərdə G1 (mülayim), qısa fasilələrlə G2 (orta) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. Yanvarın 23-də günortadan sonra və sonrakı tarixlərdə geomaqnit sahəsi sakit və normal səviyyədə olacaq. Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 22-27 yanvar tarixləri üçün 2-5 intervalında dəyişəcək.