Ötən il ən çox biznes itkisi “Xalq Sığorta”da olub - 18 milyonluq geriləmə
2023-cü ildə "Xalq Sığorta” şirkətinin topladığı sığorta haqları 24,07 milyon manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 43,1% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 18,02 milyon manat olub. 2022-ci ildə "Xalq Sığorta” 42,3 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Yığımların kəskin azalması ilə yanaşı, "Xalq Sığorta”nın sığorta ödənişləri sözügedən dövrdə 19,7% və ya 5,4 milyon manat azalaraq 22,05 milyon manat təşkil edib. 2022-ci ildə bu rəqəm 27,5 milyon manata bərabər olmuşdu.
Sığorta şirkətinin yığımlarının kəskin azalması fonunda onun zərərliliyini (ödəniş-yığım nisbəti) kəskin artıb. Belə ki, 2022-ci ildə "Xalq Sığorta” topladığı hər 100 manatdan 65 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 91,6 manat təşkil edib.
Xatırladaq ki, "Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co.” MMC-yə, 50%-i isə "Euro Standard” MMC-yə ("Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, "Bank Avrasiya” ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.