143 milyonluq məhkəmə işində əsas fiqurlar dindiriləcək
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin növbəti məhkəmə prosesi keçirilib.
"Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclas şahid ifadələri ilə davam edir.
Məlikzadə də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmədə iştirakına görə həbs edilib.
Rəşad Məlikzadə sərbəst ifadəsində demişdi ki, nazirliyin Maliyyə-büdcə idarəsinin şöbə müdiri Rafael Xələfova (təqsirləndirilən şəxs) nisbətən ucuz qiymətə "Land Rover” markalı maşın alıb.
Bu gün həmin epizod üzrə şahid qismində Ramin Səfərəliyev ifadə verib. O, Məlikzadənin tanışıdır. "Land Rover”i də o, Almaniyadan gətirib.
Ətraflı
Şahid deyib ki, R.Məlikzadə ondan 3-4 dəfə maşın alıb: "Land Rover”i alan 50-55 yaşlarında kişi idi (Rafael Xələfovu nəzərdə tutur - red). Köməkçisi 40 min dollar verdi. Razılaşdıq. Sonra maşını rəsmiləşdirmək üçün gömrüyə apardılar. Vəssalam. Başqa nəsə xatırlamıram”.
Bu iş üzrə əsas şahidlərdən biri hazırda Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin hazırkı rəisi Nəriman Cabbarov, onun sələfi general Nizami Məmmədov və Rafael Xələfovdur.
Hər üç şahid martın 13-nə təyin edilmiş prosesə çağırılıb. Məhkəmənin çağırışına gəlməyən şahid olarsa, həmin gün məcburi gətirilmə qərarı çıxarılacağı gözlənilir.
Xatırladaq ki, 2022-ci ilin əvvəlində DTX Müdafiə Nazirliyində maliyyə qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İstintaqın gedişində bir neçə zabit həbs edilib, bir neçəsi haqda alternativ qətimkan tədbirləri seçilib. Bütün təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.