2024-cü il Paris Olimpiadasının təhlükəsizlik planı oğurlanıb
Fransanın paytaxtı Parisdə iyulun 26-dan avqustun 11-dək keçiriləcək 2024-cü il Yay Olimpiya Oyunları ilə bağlı təhlükəsizlik məlumatlarının olduğu USB yaddaşın olduğu çanta itib.
Fransanın BFMTV kanalının xəbərinə görə, şəhərin Şimal vağzalında Paris bələdiyyəsi əməkdaşının çantası qatarda oğurlanıb.
Çantanın içində 2 USB disk və bir iş kompüterinin olduğu bildirilib.
Qatardan düşən zaman çantasının oğurlandığını görən bələdiyyə işçisi şikayət edib.
Sözügedən USB disklərdən birində 2024-cü il Paris Olimpiadası üçün təhlükəsizlik planları olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Yerli mətbuat bu vəziyyətin Olimpiada üçün təhlükəsizlik zəifliyi yaradıb-yaratmayacağı məsələsini gündəmə gətirib.
Olimpiada zamanı Paris Bələdiyyəsinə bağlı 2000-ə yaxın bələdiyyə polisinin xidmətdə olacağı gözlənilir.