Gəncə İcra Hakimiyyətində əməliyyat keçirildiyi təsdiqləndi
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.
"Qafqazinfo” xəbər verir ki, əməliyyat bir sıra qanun pozuntuları ilə bağlıdır. Hələ ki, saxlanılan yoxdur.
Qeyd edək ki, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və digər vəzifəli şəxslərin saxlanıldığı məlumatı təkzib edilib.
Baş Prokurorluqdan isə bildirilib ki, yayılan informasiya ilə bağlı əlavə məlumat veriləcək.
***
Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərlə bağlı Baş Prokurorluq açıqlama yayıb.
AFN.az-ın xəbərinə görə, açıqlamada deyilir ki, bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb.
Prokurorlyq media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edib və bununla bağlı əlavə məlumatın veriləcəyini bildirib.
***
Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi əməliyyatın keçirildiyi bildirilir.
Bu barədə məlumat yayan Sfera.az saytı yazır ki, əməliyyat zamanı saxlanılanlar olub.
"Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıb", - deyə mətbu orqan qeyd edir.