Daha 153 nəfər Füzuli şəhərinə çatıb - FOTO/YENİLƏNİB
Növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
Martın 15-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 153 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 562 ailə, 2122 nəfərin daimi məskunlaşması təmin edilib.
***
Ermənistanın işğalından azad edilmiş Füzuli şəhərinə martın 15-də daha 35 ailə (153 nəfər) yola salınıb.
AFN.az xəbər verir ki, köçürülən ailələrdən 22-si (90 nəfər) Bakı şəhərindən, 5-i (20) Sumqayıt şəhərindən, 4-ü (24) Füzuli rayonundan, 2-si (12) Beyləqan rayonundandır. İmişli (3 nəfər) və Abşeron (4 nəfər) rayonlarının hər birindən isə bir ailə köçürülüb.
Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 28 ailə (114 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yola salınıb.
Beyləqan, İmişli və Füzuli rayonunda məskunlaşmış 7 ailə (39 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.
Köçürülənlərin nəqliyyat karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Beləliklə, budəfəki köç də daxil olmaqla Füzuli şəhərində 562 ailənin (2120 nəfər) məskunlaşması təmin edilib.