Taksidən istifadə edə bilməyənlər avtomobil alacaq - Ekspert


Azərbaycanda taksi minik avtomobilləri üçün müəyyən edilmiş tələblər açıqlandı. Bunlardan bəziləri avtomobillərin buraxılış tarixi və rənginə, eləcə də, texniki göstəricilərinə qoyulan tələblər oldu. Belə ki, buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobillərin taksi kimi fəaliyyətinin məhdudlaşdırılması, ağ və ya qırmızı rəng tələbi, sərnişin daşınmasını bildirən xüsusi cihazın, taksometr və videoregistratorun quraşdırılması və s. bunlardan bəziləridir. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobillərinin ən azı “avro-5” ekoloji standartına uyğun gəlməli olduğu deyildi.


Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov “Ölkə.Az”a açıqlamasında bildirib ki, yeni tələblər azərbaycanda fərdi avtomobilləşməni artıra bilər:

“Yeni tələblərin mənfi tərəflərini şərtləndirən amillər var. Əgər taksi fəaliyyəti ilə bağlı qaydalar müəyyən etsək, lakin ictimai nəqliyyatın avtobus və metro seqmentini gücləndirməsək bəzi neqativ məqamlar yarana bilər. Marşruta buraxılan avtobusların və metro qatarlarının sayını artırmasaq, bu zaman avtomobilləşmə yenidən vüsət ala bilər”.

Ekspert deyir ki, əgər taksilərin sayı kəskin azalacaqsa, bu zaman təklif az, tələb isə çox olacaq: “Bu halda vətəndaşlar yenə də fərdi avtomobillərə üstünlük verməli olacaqlar. Yeni avtomobil ala bilməyənlər isə köhnə avtomobil alacaqlar”.

E.Cəfərov köhnə avtomobillərə yenidən tələb yaranacağı üçün onların qiymətlərinin kəskin enməyəcəyini düşünür. “Köhnə avtomobillərin ucuzlaşmasından danışmaq hələlik tezdir”, - deyə o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu