Yeni qaydalar avtomobil bazarına necə təsir edib?


Xəbər verildiyi kimi, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib. Həmin tələblərə əsasən, Azərbaycanda taksi fəaliyyəti ilə bağlı bir sıra göstəricilər qüvvəyə minim.


Bu il iyulun 1-dən etibarən tətbiq olunacaq yeni qaydalara əsasən, yaşı 15-dən çox olan avtomobillərdən taksidə istifadə edilə bilməz. Bundan əlavə, taksi kimi fəaliyyət göstərən avtomobillər ancaq ağ və ya qırmızı ola bilər. Lakin bu o demək deyil ki, hazırda fəaliyyət göstərən bütün digər rəngli taksilər xidmətdən kənarlaşdırılacaq. Açıqlanan məlumatda bildirilir ki, aprelin 1-dən etibarən hazırda taksi fəaliyyəti göstərən avtomobillər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək, kart ala bilərlər. Bu zaman həmin avtomobillərin yaşı mütləq 15 dən az olmalıdır. Yəni hazırda istehsal ili maksimum 2009 olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilərlər.

Bu yeniliklərin elan edilməsindən sonra artıq avtomobil bazarında bəzi avtomobillərin ucuzlaşdığı bildirilir. Xüsusilə hazırda taksi bazarında böyük üstünlüyə malik olan "Toyota Prius" markalı avtomobillərin "dəyər-dəyməzinə" satıldığı iddia edilir. AFN.az Azərbaycanın ən böyük avtomobil saytı olan turbo.az-da kiçik araşdırma aparıb. Məlum oldu ki, hələlik elə ciddi ucuzlaşma müşahidə olunmur. Belə ki, məsələn, 2007-2008-ci il buraxılışı "Toyota Prius" markalı avtomobil 12-14 min civarında təklif edilir. 2010 və daha yuxarı illərin buraxılışı olan "Toyota Prius"lara isə sahibləri turbo.az-da 18-22 min manat qiymət qoyublar. Göründüyü kimi, hələ ki, avtomobil bazarında kövrək bənd olan "Prius"ların qiymətində sürətli ucuzlaşma yoxdur. Lakin bəzi mütəxəssislər bildirirlər ki, bu istiqamətdə xeyli ucuzlaşma olacaq. Hətta hazırda xaricdən çoxlu sayda "Prius" avtomobillərinin sifariş edildiyini iddia edənlər də var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu