Tokayevin Ermənistana səfərinin Azərbaycana heç bir zərəri yoxdur - Elxan Şahinoğlu


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri Azərbaycanda da ciddi müzakirə mövzusuna çevrilib.


AFN.az xəbər verir ki, siyasətçilər arasında bu səfərə birmənalı qiymət verilməyib. Bəziləri bunu Tokayevin səhvi kimi qiymətləndirsə də, əsasən səfərin müsbət tərəflərini qabardanlar da var. Politoloq Elxan Şahinoğlu deyib ki, Kasım-Jomart Tokayevin Ermənistana səfərinin Azərbaycana heç bir zərəri yoxdur. Onun sözlərinə görə, əksinə, Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanı inandırmağa çalışıb ki, Mərkəzi Asiyanın və Cənubi Qafqazın inkişafı və bir-birinə daha sıx bağlılığı nəqliyyat və enerji layihələrinin reallaşmasına bağlıdır və Orta dəhliz layihəsinin potensialı böyükdür.
E.Şahinoğlunun sözlərinə görə, bu layihənin əsas iştirakçılarından biri Azərbaycandır: "Ermənistan da Azərbaycanla sülh sazişi imzalasa və Zəngəzur dəhlizinin işə düşməsinə şərait yaratsa bu layihənin bir hissəsi olaraq gəlir qazana bilər. Tokayev Paşinyana bunları anlatmağa çalışıb".
Politoloqa görə, Qazaxıstan prezidentinin Azərbaycanla Ermənistan arasında danışıqlarda öz ölkəsinin platforma kimi istifadəsi təklifi də müsbət qarşılanmalıdır: "Qazaxıstan Azərbaycanın strateji tərəfdaşıdır, bir-birimizi tarixi köklər bağlayır, türk dünyasının inteqrasiyasında maraqlar üst-üstə düşür. Qazaxıstan eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyində Ermənistanla tərəfdaşdır. Bunları nəzərə alaraq Qazaxıstanın görüşlər üçün məkan yeri seçilməsi tərəflər üçün məqbuldur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu