Dubayda hava taksiləri fəaliyyətə başlayacaq

Tezliklə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hava taksiləri istifadəyə veriləcək.
AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dubay Nəqliyyat və Yollar İdarəsindən bildirilib. İdarənin məlumatında qeyd edilir ki, Dubayda hava taksi xidməti tətbiq olunacaq. Nəqliyyat texnologiyaları departamentinin direktoru Xalid Əl Avadinin sözlərinə görə, xidmət 2026-cı ilin əvvəlində istifadəyə veriləcək. Bu istiqamətdə Kaliforniyanın “Joby Aviation” nəqliyyat şirkəti ilə birlikdə layihə reallaşdırılır. Hazırda taksi parkının təşkili, avtomobillərin sınağı və sertifikatlaşdırılması prosesi gedir.
Bundan başqa, Böyük Britaniyanın “Skyports” şirkətinin iştirakı ilə şəhərdə heliportlar üçün stansiyalar layihələndirilir. Ümumilikdə hökumət dörd şaquli taksi hava limanı tikməyi planlaşdırır, onlardan ikisi 2026-cı ilə qədər fəaliyyətə başlayacaq. Komplekslərdə monitorinq və mühafizə xidməti fəaliyyət göstərəcək.
“Biz bu xidməti mümkün qədər əlçatan etmək üçün tərəfdaşlarımızla işləyirik. İnanırıq ki, bu, adi helikopterlərdən istifadə etməkdən qat-qat ucuz başa gələcək”, - deyə Əl Avadi jurnalistlərə bildirib. Ehtimal olunur ki, uçan taksi limuzin icarəyə götürməkdən baha olmayacaq. Yeni nəqliyyat növü adi helikopterlərdən daha səssiz olacaq.
"General Motors" ilə birlikdə inkişaf etdirilən pilotsuz yer taksiləri isə 2025-ci ildə Dubayda istifadəyə veriləcək. Layihə hazırda sınaq mərhələsindədir.
Mart ayında Hindistanda hava taksilərinin işə salınması planları açıqlanıb. Debüt uçuş 2024-cü ilin sentyabr-oktyabr aylarına planlaşdırılıb, onun qiyməti adi taksi ilə səyahətdən iki dəfə baha olacaq.