Qəbələdə atışma: İki nəfər öldü, bir nəfər yaralandı - TƏFƏRRÜAT+YENİLƏNİB
Xəbər verdiyimiz kimi, dünən saat 20.00 radələrində Qəbələ rayonunun Zərgərli kəndində iki nəfərin ölümü və bir nəfərin yaralanması ilə nəticələnən güllələnmə hadisəsi olub.
Qəbələ rayonun Laza kənd sakini, 1979-cu il təvəllüdlü Əlibaba Gəncimov rayonunun Zərgərli kəndində yaşayan 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyevanı qətlə yetirib.
Gülsadə Məmmədəliyevanın 23 yaşlı nəvəsi Nurlan Məmmədalıyev evində olan ov tüfəngi ilə Əlibaba Gəncimovu öldürüb. Özü isə əlindən ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Ehtimal edilir ki, hadisə borc üstündə olub. İlkin məlumatlara görə, Gülsadə Məmmədəliyevanın oğlu Rusiyanın Dağıstan vilayətində tikinti işləri ilə məşğul olub. Sözügedən rayonun xeyli sayda sakini Dağıstanda müxtəlif sahələrdə çalışır.
Ehtimal edilir ki, hadisə də bu məsələdən qaynaqlanır. Gülsadə Məmmədəliyevanın oğlunun Əlibaba Gəncimova borcu olduğu üçün sonuncu bu hadisəni törədib və özü də qətlə yetirilib.
Qətlə yetirilən Gülsadə Məmmədəliyeva və onun ailəsi əslən Dağıstanlıdırlar. Onlar Qəbələnin Zərgərli kəndində uzun illər maldarlıq, əkinçilik işləri ilə də məşğul olublar.
***
Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb, daha bir nəfər xəsarət alıb.
AFN.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba Gəncimov odlu silahdan açılan atəşlə qətlə yetirilib. Həmçinin, qadının 23 yaşlı nəvəsi Nurlan Məmmədalıyev xəsarət alıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Əlibaba Gəncimov ov tüfəngi ilə qadına və nəvəsinə atəş açıb. Eyni zamanda, Nurlan Məmmədalıyev də tüfənglə Əlibaba Gəncimova atəş açıb. Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları tərəfindən götürülüb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.