KİV: Makron Trampın hərəkətləri ilə bağlı fövqəladə sammit çağırır

Fransa prezidenti Emmanuel Makron Avropa liderlərini bazar ertəsi Parisdə fövqəladə sammitə çağırır.
AFN.az "Politico"ya istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski şənbə günü Münhen Təhlükəsizlik Konfransında deyib.
"Prezident Makronun liderlərimizi Parisə dəvət etməsindən çox məmnunam" - deyən Sikorski, Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampın onlara qarşı çağırışlarını çox ciddi müzakirə edəcəklərini gözlədiyini bildirib.
İki Aİ rəsmisi görüşün bazar ertəsi baş tutacağını bildirib. İclasda bütün Aİ liderlərinin, yoxsa sadəcə kiçik bir qrup ölkələrin iştirak edib-etməyəcəyi, Böyük Britaniyanın baş naziri Key Starmer kimi digər Avropa liderlərinin dəvət edilib-edilməyəcəyi hələlik məlum deyil.
Münhendə Sikorski ilə görüşdə iştirak edən Fransanın xarici işlər naziri Jan-Noel Barrot fövqəladə sammitin keçirilməsini nə təsdiq, nə də təkzib edib. Sikorski daha sonra bildirib ki, Polşanın baş naziri Donald Tusk Makronun dəvəti ilə bazar ertəsi görüşdə iştirak edəcək.