Starmer: Atəşkəsdən sonra da Avropa Ukraynanı silahla təmin edəcək

Avropa ölkələri hətta münaqişə başa çatdıqdan sonra da Ukraynaya hərbi təchizatı təmin etmək üçün planlar hazırlamaq niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Keir Starmerin ofisinin Londonda Ukrayna sammitindən sonra yaydığı bəyanatında deyilir.
“Biz istənilən razılaşmadan sonra Ukraynanın silahlı qüvvələrini və sərhəd müdafiəsini gücləndirmək planları sürətləndirəcəyik və Ukraynanın özünü müdafiə etmək üçün sursat, maliyyə və texnikadan istifadə etməsini təmin edəcəyik”, - deyə bəyanatda bildirilir.
Sənəddə qeyd edilir ki, Avropa ölkələri ABŞ prezidenti Donald Trampın administrasiyası ilə birlikdə Ukraynanın gələcək suverenliyini və təhlükəsizliyini təmin edən güclü, ədalətli və davamlı sülhü təmin etmək üçün çalışacaqlar. O, həmçinin qeyd edir ki, Böyük Britaniya, Avropa İttifaqı və Kanada Rusiyaya qarşı, o cümlədən enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq etmək və mövcud məhdudiyyətlərə əməl olunmasına nəzarəti gücləndirmək niyyətindədirlər.