Ərdoğan: Zəngəzur dəhlizi Türk dünyasına uzanan inteqrasiya xəttidir

“Azərbaycan və Ermənistan arasında sülhün artıq üfüqdə görünməsindən şadıq. Bu prosesi yaxından izləyirik və lazımi dəstəyi də veririk".
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərindən sonra ölkəsinə qayıdan zaman təyyarədə jurnalistlərə deyib.
O qeyd edib ki, bölgədə davamlı sülh hər kəs üçün faydalı olacaq: “Biz artıq Cənubi Qafqazda əmin-amanlıq və sülh görmək istəyirik. Əldə olunacaq sülh Azərbaycanla Ermənistan, eləcə də ölkəmiz üçün dəyərli olacaq. Biz də Ermənistanla diqqətli bir normallaşma prosesi yaşayırıq. Həm sülh, həm də münasibətlərin normallaşması təmin edildiyində ölkələrimizin bundan fayda qazanacağını görəcəyik”.
Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi barədə sualları da cavablandırıb. O bildirib ki, Zəngəzur dəhlizi Azərbaycan üçün yalnız Naxçıvan ilə quru əlaqəsi deyil, eyni zamanda Türkiyə üzərindən Türk dünyasına uzanan yeni bir inteqrasiya xəttidir:
“Bu dəhlizin tez bir zamanda açılması Qafqazda nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək. Qonşu ölkə İranın da bölgəmizdə əmin-amanlıq, sülh və inkişafa xidmət edəcək bu addımlara dəstək verməyini gözləyirik. Bu “qazan-qazan” prinsipindən onların da faydalanmasını istəyərik. Atılan hər addım, açılan hər qapı, dəhliz iqtisadi qazancla yanaşı, zamanla ölkələri bir-birinə daha çox yaxınlaşdıracaq”.