Kimyaterapiyaya bağlı saç tökülməsinə qarşı yeni müalicə


Alimlər kimyaterapiya alan xərçəng xəstələrində saç tökülməsinin qarşısını almağa yönəlmiş ikiqat qoruma təmin edən güclü bir üsul inkişaf etdirdiklərini açıqlayıblar. Şeffild Hallam Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma saç köklərinin qorunması sahəsində çığır açan bir kəşf kimi dəyərləndirilir.



Yeni üsul hazırda istifadə olunan “soyuducu başlıq” texnikasını qırmızı üzüm kimi mənbələrdə olan güclü antioksidantlarla zənginləşdirilmiş yeni bir losyonla birləşdirir.



Bu iki tətbiq birgə istifadə edildikdə, saç köklərini kimyaterapiyanın toksik təsirlərindən qorumaq baxımından daha effektiv nəticə verir.



Soyutmanın ideal temperaturu müəyyən edilib



Araşdırmada baş dərisinin 18°C-yə qədər soyudulmasının saç köklərində zərərin qarşısını aldığı müəyyən olunub. 26°C-yə qədər olan soyutmanın isə yetərli qoruma təmin etmədiyi bildirilib.



Soyutma prosesi baş dərisinə qan axınını azaldaraq kimyaterapiya dərmanlarının saç köklərinə çatmasını məhdudlaşdırır.



Laboratoriyada saç kökləri qorunub



Tədqiqatçılar baş dərisindən alınan follikulları laboratoriya şəraitində çoxaldaraq kimyaterapiyanın təsirlərini araşdırıblar. Şeffild Hallam Universitetindən Hüceyrə Biologiyası üzrə dosenti Dr. Nik Georgopoulos bildirib ki, soyutma, saç istehsalına cavabdeh olan sürətlə bölünən hüceyrələri yalnız qorumaqla kifayətlənmir, həm də onların tamamilə sağ qalmasını təmin edə bilir. Lakin bunun üçün düzgün temperatur seçilməlidir.



Antioksidant dəstəkli losyon ikiqat qoruma verir



Araşdırmada həmçinin məlum olub ki, soyutmaya əlavə olaraq tətbiq edilən yerli (topikal) antioksidant losyon soyutmanın qoruyucu təsirini əhəmiyyətli dərəcədə artırır. Losyonun tərkibində qırmızı üzüm və yerfıstığında olan resveratrol ilə yanaşı, bir qida əlavəsi olan N-Asetilsistein də yer alır.



Dr. Georgopoulos bəzi xəstələrdə soyutma üsulunun yetərli olmadığını qeyd edərək bildirib ki, bəzi başlar – mən onlara inadkar başlar deyirəm – kifayət qədər soyumur. Belə hallarda topikal məhsulla əlavə müdaxilə qoruma səviyyəsini köklü şəkildə dəyişir.



Soyutma təkbaşına da güclü qoruma təmin edir



Lakin Georgopoulosa görə, antioksidant losyon təkbaşına kifayət qədər təsirli deyil. Soyutma üsulu eyni anda bir neçə qoruyucu təsir yaradır: “Soyuq temperaturda qan damarları daralır, baş dərisinə daha az qan, beləliklə daha az dərman çatır. Bundan əlavə hüceyrələrin bölünməsi yavaşlayır. Bu da həm fiziki, həm də biokimyəvi səviyyədə qoruma təmin edir”.



Klinik sınaqlara başlanır



Georgopoulos 10 ildən artıqdır ki, Haddersfilddə yerləşən “Paxman Scalp Cooling” şirkəti ilə əməkdaşlıq edir. Paxman kimyaterapiyadan əvvəl və sonra istifadə olunan xüsusi soyuducu başlıqlar istehsal edir. Bu başlıq vasitəsilə soyutma prosesi dərman verilmədən 30 dəqiqə əvvəl başlayır və müalicədən sonra 90 dəqiqəyə qədər davam edir.



Tədqiqatçılar hazırda bu yeni üsulun Paxman cihazından istifadə edən xəstələrdə sınaqdan keçirilməsini planlaşdırırlar. İstifadə ediləcək antioksidant tərkibin son forması üzərində işlər davam edir.



Dr. Georgopoulos bildirib ki, davam edən araşdırmalarımız nəticəsində ümid edirik ki, bu topikal məhsul təkcə saç tökülməsinin qarşısını almaqda deyil, həm də kimyaterapiyadan sonra saçın yenidən çıxma prosesini sürətləndirməkdə təsirli olacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu