TikTok ilin ikinci rübündə 189 milyondan çox videonu silib
TikTok 2025-ci ilin ikinci rübündə platformada icma qaydalarını pozduğu müəyyən edilən 189 milyondan çox videonun silindiyini açıqlayıb.
Şirkətin məlumatına görə, TikTok aprel–iyun aylarını əhatə edən “İcma Qaydalarının İcrası Hesabatı”nı dərc edib.
Hesabata əsasən, üç aylıq dövrdə dünyada icma qaydalarını pozduğu aşkar edilən 189 milyondan artıq video platformadan çıxarılıb. Silinən məzmunların 99 faizdən çoxu istifadəçi bildirişi olmadan, 90 faizdən çoxu isə bir dəfə belə izlənilmədən yayından qaldırılıb. Bildirişi olan məzmunların isə 80,6 faizi orta hesabla 2 saat ərzində silinib.
Canlı yayımlarda nəzarət gücləndi
Canlı yayımlar sahəsində də nəzarətini artıran TikTok ilin ikinci rübündə qaydaları pozduğu müəyyən edilən 36 milyondan çox canlı yayımı dayandırıb. Əvvəlki dövrlə müqayisədə təxminən iki dəfə artan bu göstərici TikTok-un canlı yayımlarda da təhlükəsizlik və rəqəmsal rifahı qorumaq əzmini göstərir.
Gənclərin təhlükəsiz məzmunla qarşılaşması ön plandadır
Silinən məzmunların 30,6 faizi həssas, 30,5 faizi isə kommersiya xarakterli paylaşımlardan ibarət olub. “Gənc istifadəçilər üçün rəqəmsal təhlükəsizlik” siyasəti çərçivəsində silinən məzmunların 94,4 faizi isə heç bir baxış sayı almadan platformadan çıxarılıb.
Bundan əlavə, 13 yaşdan kiçik olduğu müəyyən edilən 25 milyondan çox hesab icma qaydalarına zidd olduğu üçün silinib.
Aprel–iyun dövründə reklam siyasətlərini pozan reklamverənlərə qarşı aparılan yoxlamalar nəticəsində 8 milyondan çox reklam platformadan çıxarılıb. Bu pozuntuların böyük hissəsi birbaşa hesab səviyyəsində görülən tədbirlərin nəticəsində baş verib.


