İngiltərə TikTok-u cərimələdi
TikTok İngiltərənin məlumatlara nəzarət orqanı tərəfindən 12,7 milyon funt sterlinq məbləğində cərimələnib.
AFN.az BBC-yə istinadən xəbər verir ki, cərimələnməyə səbəb, uşaqların məxfiliyinin qorunmamasıdır. İnformasiya Müvəkkili Ofisi (ICO) tərəfindən aparılan araşdırma zamanı sosial medianın valideynlərinin razılığı olmadan 13 yaşından kiçik uşaqların məlumatlarından istifadə etdiyi aşkarlanıb.
Hesablamalara görə, TikTok 2020-ci ildə bu yaşda olan 1,4 milyon Böyük Britaniya vətəndaşı olan azyaşlıya platformadan istifadə etməyə icazə verib.
TikTok-dan verilən açıqlamada 13 yaşdan kiçiklərin platformaya daxil olmasını dayandırmaq üçün böyük sərmayə qoyduğu bildirilib. "40,000 nəfərlik təhlükəsizlik komandamız platformanı cəmiyyətimiz üçün təhlükəsiz saxlamaq üçün gecə-gündüz işləyir" - deyə TikTok-un nümayəndəsi bildirib: "Biz ICO-nun 2018-ci ilin may - 2020-ci ilin iyul aylarına aid qərarı ilə razılaşmasaq da, bu gün elan edilən cərimənin keçən il təklif olunan məbləğin yarısına endirilməsi bizi sevindirir. Qərarı nəzərdən keçirməyə davam edəcəyik və növbəti addımları planlaşdırırıq".
TikTok-un 13 yaşdan kiçik uşaqların platformadan istifadə etmək üçün valideynlərinin razılığını tələb etməsinə baxmayaraq, ICO çoxlarının bu olmadan hesab yarada bildiyini açıqlayıb. 12,7 milyon funt-sterlinq ICO-nun verdiyi ən böyük cərimələrdən biridir.