Da Vinçinin gizli üçbucağı: "Vitruviya insanı"nda nələr gizlənir?
Leonardo da Vinçinin məşhur əsəri “Vitruviya insanı” rəsminə gözlənilməz bir riyazi “kod” aşkar edilib.
Böyük Britaniyalı stomatoloq Rori Mak Suini hesab edir ki, rəssam təkcə dairə və kvadrat formalarını deyil, həm də fiqurun ayaqları arasına yerləşdirilmiş bərabərtərəfli üçbucağı kompozisiyaya daxil edib.
"Popular Mechanics" jurnalında dərc olunan məqalədə rəsmin proporsiyalarının qeyri-adi dəqiqliyi alimlərin diqqətini çəkib. Mak Suininin fikrincə, bu üçbucaq Bonvill üçbucağı ilə üst-üstə düşür: bu, stomatologiyada alt çənənin optimal geometriyasını təsvir edən bir konsepsiyadır.
O bildirir ki, bu təsadüfi deyil: fiqurun göbək nahiyəsinin ətrafına beş belə üçbucaq daha yerləşdirilsə, altıbucaqlı naxış yaranır, kvadratın tərəfi ilə dairənin radiusu arasındakı nisbət isə təxminən 1,64 olur – bu, təbiətdə və bioloji strukturlarda tez-tez rast gəlinən ölçüdür.
Beləliklə, Mak Suininin fikrincə, “Vitruviya insanı” yalnız estetik və ya fəlsəfi ideyaları əks etdirmir, həm də insan bədəninin harmonik arxitekturasını izah edən əsas riyazi və anatomik prinsipləri nümayiş etdirir.
Mümkündür ki, Leonardo da Vinçi müasir alimlərin riyazi şəkildə ifadə etdiyi qanunauyğunluqları intuisiya ilə hiss edib.

