Dünyanın ən yaşlı insanı 116 yaşını qeyd edir

Yer kürəsində yaşayan ən yaşlı insan hesab edilən britaniyalı Ethel Katerham 116 yaşını qeyd edir.
AFN.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb. London yaxınlığındakı Surreydəki qocalar evində yaşayan Katerham hazırda mətbuatla danışmaq istəmir. Ailəsinin açıqlamasına görə, o, doğum gününü yaxınları ilə keçirməyi və "tətildən öz sürəti ilə həzz almağı" planlaşdırır.
Katerham 21 avqust 1909-cu ildə İngiltərənin Hempşir bölgəsində anadan olub. O, dünyanın ən yaşlı insanı titulunu bu ilin aprelində 116 yaş 326 günlük ikən vəfat edən braziliyalı rahibə İna Canabarro Lukasdan sonra əldə edib.
Gəncliyində Hindistana köçən və dayə işləyən Katerham daha sonra hərbçi əri ilə birlikdə Honq-Konq və Cəbəllütariqdə yaşayıb. Asiyada olduğu illərdə uşaqlara olan sevgisi nəticəsində öz uşaq bağçasını açıb. İngiltərəyə qayıtdıqdan sonra isə iki qızı dünyaya gəlib. Lakin Katerham həm həyat yoldaşı Normandan, həm də qızları Gem və Annadan çox yaşayıb.
O, həmçinin dünyanın ən yaşlı koronavirusdan sağ çıxan insanlarından biridir – 2020-ci ildə 110 yaşında Covid-19-u məğlub edib. May ayında verdiyi müsahibədə uzunömürlülüyünün sirrini belə izah edib: "Hər yeni fürsətə 'hə' deyin, çünki onun sizi hara aparacağını bilmirsiniz. Hər şeyə pozitiv yanaşın və hər şeyi sınayın, amma ölçülü şəkildə."
Rəsmi Ginnesin Rekordlar Kitabına görə isə bütün dövrlərin ən uzunömürlü insanı fransız Jeanne Calment hesab olunur. O, 1997-ci ildə vəfat edəndə 122 yaş 164 günlük idi.