Çernobılda nüvə sızma riski: Qoruyucu struktur təhlükə altında


Birləşmiş Millətlər Təşkilatına bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) Çernobıl Nüvə Elektrik Stansiyasını qoruyan strukturun ilin əvvəlində baş vermiş pilotsuz hava aparatının hücumu səbəbindən artıq radioaktiv maddələri tam şəkildə saxlaya bilmədiyini açıqlayıb.

Fevralda döyüş başlığı daşıyan dronun stansiyaya dəydiyi və xarici qoruyucu struktura ziyan vurduğu bildirilib. Ukrayna hücumun Rusiya tərəfindən həyata keçirildiyini açıqlasa da, Kremlin bu iddiaları rədd etdiyi qeyd olunub.

IAEA-nın rəhbəri Rafael Grossi keçən həftə aparılan yoxlamada strukturun əsas təhlükəsizlik funksiyalarını, yəni radioaktiv maddələri tutma qabiliyyətini itirdiyini müəyyən etdiklərini bildirib. Grossi əlavə edib ki, daşıyıcı strukturlarda və monitorinq sistemlərində qalıcı ziyan aşkarlanmayıb.

Əhatəli təmir tələb olunur

Grossi qeyd edib ki, həyata keçirilmiş müvəqqəti təmir işlərinə baxmayaraq, stansiya sahəsinin daha çox ziyan baş verməsinin qarşısını almaq və uzunmüddətli nüvə təhlükəsizliyini təmin etmək üçün əhatəli bərpa işlərinə ehtiyacı var.

Fevral hücumunda dron 1986-cı ildə partlayış nəticəsində məhv olmuş 4-cü reaktorun üzərindəki xarici qoruyucu struktura dəlik açmış və qısa müddətli yanğın başlatmışdı. Çernobıl faciəsi Avropada radioaktiv yayılmaya səbəb olmuş və rəsmi məlumatlara görə 31 nəfərin ölümünə gətirib çıxarmışdı. Bu hadisə dünya tarixində ən böyük nüvə qəzası kimi qəbul edilir.

Radyasiya səviyyəsi artmayıb

Agentlik bildirib ki, hazırda fəaliyyətdə olmayan stansiyada, Kiyev bölgəsində hücumdan sonra radyasiya səviyyəsində artım qeydə alınmayıb. Bunun səbəbi dronun daxili qoruyucu qabığı deşməməsi göstərilib.

Qoruyucu struktur 2016-cı ildə Çernobıl qəzasından qaynaqlana biləcək radioaktiv maddə axınının qarşısını almaq üçün inşa olunmuşdu. Stansiyanın son işləyən reaktoru isə 2000-ci ildə tamamilə dayandırılmışdı.

Rusiya qüvvələrinin nüvə obyektləri ətrafındakı fəaliyyəti tənqid olunur

Ukrayna və Avropa müttəfiqləri Rusiya qüvvələrini Çernobıl və Avropanın ən böyük nüvə stansiyası olan Zaporijya da daxil olmaqla kritik nüvə obyektləri ətrafında ehtiyatsız davranmaqda ittiham edir. Rusiya qüvvələri 2022-ci ilin fevralında başlayan müharibənin ilk həftələrində Çernobılı və ətrafını işğal etmiş, martın sonunda isə Ukraynanın şimalından geri çəkilmişdi.

Zaporijya Nüvə Stansiyası isə 2022-ci ildən bəri Rusiya nəzarətindədir. Hazırda fəaliyyətdə olmayan stansiyanın dayandırılmış altı reaktorunun və istifadə olunmuş yanacağının soyudulması üçün etibarlı elektrik enerjisinə ehtiyacı olduğu bildirilir. Ekspertlər xəbərdarlıq edirlər ki, bu soyutmanın dayandırılması böyük nüvə fəlakətinə səbəb ola bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu