Bitcoin fermaları süni zəka fabriklərinə çevrilir
ABŞ-da nəhəng Bitcoin mədənçilik müəssisələri sürətlə çevrilir. 2024-cü ildə Texas ştatının Korsikana şəhərində tikilməyə başlanan və dünyanın ən böyük Bitcoin mədənçilik kompleksi kimi nəzərdə tutulan obyekt cəmi bir il yarım sonra tam fərqli məqsədə xidmət etməyə hazırlaşır.
Kompleksin üçdə iki hissəsi yüksək enerji tutumu və infrastrukturuna görə artıq süni zəka (AI) və yüksək performanslı hesablama (HPC) əməliyyatları üçün istifadə olunacaq. Bununla da bir zamanlar Bitcoin-in məbədi sayılan kompleks bir süni zəka fabrikinə çevriləcək.
Bitcoin aparatları gedir, GPU-lar gəlir
Bu çevrilmə tək bir şirkətlə məhdudlaşmır. Son 18 ayda Bitfarms, Core Scientific, Riot, IREN, TeraWulf, CleanSpark, Bit Digital, MARA Holdings və Cipher Mining kimi ən azı doqquz ictimai şirkət fəaliyyətlərinin hamısını və ya böyük hissəsini süni intellekt xidmətlərinə yönəldəcəyini açıqlayıb.
Səbəb sadədir, süni zəka sektoru nəhəng məlumat mərkəzlərinə və yüksək enerji istehlakını qaldıra bilən infrastruktura ehtiyac duyur. Bitcoin mədənçilərinin illərdir qurduğu obyektlər isə bunun üçün biçilmiş xalat kimidir.
Crucible Capital-dən Meltem Demirors deyib ki, Bitcoin mədənçiliyi müasir data mərkəzlərinin modelini yaradıb. O bildirib ki, şirkətlər investisiya xərclərini süni zəka sahəsinə yönəltdikdə daha aşağı maliyyətlərlə üzləşdiklərini anlayıblar: “Kompleksi onsuz da qurublar, mədənçilik cihazlarını çıxarıb icarəçi şirkətin gətirdiyi GPU-ları yerləşdirirlər”.
Mədənçilik gəlirliliyi azalır
Bitcoin mədənçiliyində qazanc mürəkkəb riyazi tapmacanı ilk həll edən şirkətə verilir. Lakin rəqabət illər ərzində kəskin artıb. Eyni mükafatı qazanmaq üçün çox daha yüksək hesablama gücü tələb olunur.
2024-cü ildə baş verən halving nəticəsində blok mükafatının yarıya enməsi gəlirliliyi daha da aşağı salıb. Üstəlik Bitcoin-in qiymətinin ucuzlaşması 2025 zirvəsinə nəzərən 30% azalma ilə təxminən 85 min dollar ətrafında olması, mədənçilik gəlirlərini sıxışdırır.
BlockSpaceForce təmsilçisi Çarlz Çonq vəziyyəti belə ifadə edir: “Əgər bu gün Bitcoin mədənçilik cihazı alsam, onun pulunu geri qazana bilib-bilməyəcəyimi belə bilmirəm”.
CoinShares-in analizinə görə, noyabrın ortalarında yalnız bir neçə böyük mədənçilik şirkəti mənfəətdə qala bilib. Bunun əvəzində süni intellekt sənayesi çox daha yüksək mənfəət marjları və böyük texnoloji şirkətlərlə uzunmüddətli müqavilələr hesabına proqnozlaşdırılan gəlir təklif edir. Elə buna görə də Bitcoin mədənçilik şirkətləri son aylarda ümumi dəyəri 43 milyard dolları aşan AI və HPC müqavilələri imzalayıb.
Enerjinin hər vahidi üçün süni intellekt çox daha böyük dəyər yaradır
Bitfarms-ın baş direktoru Ben Qano qeyd edib ki, Bitcoin mədənçiliyi hələ də gəlirlidir, lakin HPC-nin enerjinin hər vahidi üçün daha böyük dəyər yaradır və bunu illərlə proqnozlaşdırıla bilən şəkildə təmin edir. Bu səbəbdən şirkət artıq yeni mədən cihazlarına sərmayə qoymağı məntiqli hesab etmir.
Kripto mədənçiliyindən süni intellektə doğru yaşanan bu sürətli çevrilmə sektorun gələcəyinə dair mühüm siqnal verir: yüksək enerji sərf edən iri obyektlər üçün artıq əsas gəlir mənbəyi mədənçilik deyil, süni zəkadır.



