ABŞ-da kilsə dayanacağında silahlı hücum



ABŞ-ın Yuta ştatının Salt Lake City şəhərində İsa Məsihin Son Zaman Azizlər Kilsəsinə (Mormon Kilsəsi) aid bir ibadət yerinin dayanacağında təşkil olunan silahlı hücum nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.

Salt Lake City polis departamentinin sözçüsü Glen Mills bildirib ki, yerli vaxtla saat 19:30 radələrində 660 North Redwood Road ünvanında yerləşən kilsə binasının qarşısında atəş səsləri eşidildiyi barədə xəbər alınıb. İlk araşdırmalara görə, dayanacaqda baş verən mübahisədən sonra atəş açılıb.

Hadisə yerində iki nəfər ölüb. Xəstəxanaya yerləşdirilən altı yaralıdan üçünün vəziyyətinin kritik olduğu bildirilib.

Hücum edənlərin hadisə yerindən avtomobillə uzaqlaşdığı müəyyən edilib. Polis şübhəlilərin tutulması üçün genişmiqyaslı əməliyyat başladıb.

Kilsə sözçüsü Sam Penrod hadisədən duyduqları dərin kədəri ifadə edərək deyib: “İbadət üçün müqəddəs bir məkanın zorakılığa məruz qalmasından böyük narahatlıq duyuruq”.

Hadisədən sonra Redwood Road hər iki istiqamətdə nəqliyyat üçün bağlanıb və bölgəyə onlarla təcili yardım və təhlükəsizlik xidməti göndərilib.

FBI Salt Lake City ofisi də açıqlama verərək, federal agentlərin yerli polisə istintaqda dəstək verdiyini təsdiqləyib.

Rəsmilər hücumun birbaşa kilsəyə və ya müəyyən şəxslərə yönəlmiş olub-olmadığını müəyyən etmək üçün araşdırmalarını davam etdirirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu