NASA-nın ilk tibbi təxliyəsinə dair yeni detallar açıqlandı
NASA astronavtı Mayk Finke kosmik agentliyin tarixində ilk tibbi təxliyə əməliyyatına səbəb olan sağlamlıq probleminin ona aid olduğunu etiraf edib.
AFN.az xəbər verir ki, 58 yaşlı təcrübəli astronavt ötən ay Beynəlxalq Kosmik Stansiyada (BKS) narahatlıq keçirən heyət üzvünün özü olduğunu ictimaiyyətlə bölüşüb.
Finke xəstəliyinin dəqiq növünü açıqlamasa da, vəziyyətinin digər astronavtların və yerdəki uçuş cərrahlarının müdaxiləsi sayəsində qısa müddətdə stabilləşdiyini bildirib. Hazırda səhhətinin yaxşı olduğunu deyən Finke, "Kosmik uçuş inanılmaz bir imtiyazdır və bəzən bizə nə qədər insan olduğumuzu xatırladır" ifadələrini işlədib.
Ötən ilin yayında üç həmkarı ilə birlikdə "SpaceX" gəmisi ilə kosmosa göndərilən Finkenin missiyası 15 yanvarda, nəzərdə tutulandan daha erkən başa çatıb. Astronavt təcili müdaxilə tələb edən tibbi hadisənin təxliyədən bir həftə əvvəl — 7 yanvarda baş verdiyini qeyd edib. Bu sağlamlıq problemi Finkenin başqa bir NASA astronavtı ilə həyata keçirməli olduğu kosmik gəzintinin də ləğvinə səbəb olub.
Böyük Okeana enişdən sonra dörd astronavtın hamısı nəzarət məqsədilə San-Dieqodakı xəstəxanaya aparılıb. Kimliyi o zaman gizli saxlanılan Finke qayıdışından bir həftə sonra keçirilən mətbuat konfransında bildirib ki, böhran anında stansiyadakı ultrasəs cihazı çox faydalı olub. O, yaşadığı vəziyyətin kritik bir fövqəladə hal olmadığını, lakin stansiyada mövcud olmayan daha mükəmməl tibbi görüntüləmə imkanlarından yararlanmaq üçün yerə qayıtmaq qərarının verildiyini vurğulayıb.
Qeyd edək ki, 1996-cı ildə astronavt olan təqaüddəki polkovnik Mayk Finke dörd fərqli missiyada ümumilikdə 549 gün kosmosda qalaraq bu sahənin ən təcrübəli simalarından biri hesab olunur.


