Yunanıstan Fransanın "nüvə çətiri" altına girir
Yunanıstan Fransanın "nüvə çətiri" altına girməyə hazırlaşır. Yunanıstanın ölkə müdafiəsini gücləndirmək məqsədilə digər 7 Avropa İttifaqı (Aİ) üzvü ilə birlikdə Fransanın himayəsinə keçəcəyi bildirilir.
AFN.az xəbər verir ki, Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis "Kathimerini" qəzetinin Fransa Prezidenti Emmanuel Makronun planları çərçivəsində Yunanıstan da daxil olmaqla 8 Aİ ölkəsinin Fransanın "nüvə çətiri" altına keçəcəyi ilə bağlı xəbərini təsdiqləyib. Marinakis sözügedən xəbərdə reallıq payının olduğunu, hazırda daha artıq detal açıqlamaq istəmədiyini, lakin bu mühüm məsələdə ortaq Avropa siyasəti üçün müəyyən edilən istiqamətin məhz bu olduğunu qeyd edib.
Hökumət rəsmisi məsələ ilə bağlı daha ətraflı məlumatın yaxın həftələrdə veriləcəyini vurğulayıb. Qəzetin məlumatına görə, Böyük Britaniyanın da dəstəkləyəcəyi bu Fransa təşəbbüsü Avropanın strateji muxtariyyətini gücləndirmək səyləri çərçivəsində qitənin nüvə çəkindirmə qabiliyyətini təmin etməyi hədəfləyir.
Planın ümumi çərçivəsinin sabah Makron tərəfindən açıqlanacağı gözlənilir və bu əməkdaşlığın Fransa ilə müvafiq ölkələr arasında bağlanacaq ikitərəfli müqavilələr əsasında reallaşacağı bildirilir. Yunanıstanın bu sistemə daxil olmasının iki ölkə arasında mövcud olan müdafiə müqaviləsinin davamını daşıdığı, Makronun aprel ayında Afinaya səfəri zamanı həmin müqavilənin yenilənəcəyi iddia olunur.
İddialara görə, bu təşəbbüs çərçivəsində sülh dövründə birgə əməkdaşlıq və məlumat mübadiləsi aparılacaq, müharibə təhlükəsi yarandıqda isə ortaq nüvə müdafiəsi təmin ediləcək.

