BAEA: Uran konsentratı istehsalı müəssisəsində radiasiya artımı qeydə alınmayıb
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın Yəzd əyalətinin Ərdəkan rayonunda yerləşən uran konsentratı istehsalı müəssisəsinin bu gün hücuma məruz qaldığını və müəssisədən kənarda radiasiya səviyyəsində hər hansı artım qeydə alınmadığını açıqlayıb.
AFN.az xəbər verir ki, BAEA-nın "X" sosial media platformasındakı hesabından hücumla bağlı bəyanat yayılıb.
Açıqlamada İranın Ərdəkandakı uran konsentratı istehsalı zavoduna hücum edildiyi barədə məlumat verdiyi bildirilib. Müəssisənin xaricindəki radiasiya səviyyələrində hər hansı artımın müşahidə edilmədiyi qeynan bəyanatda agentliyin məsələni araşdırdığı vurğulanıb.
İsrail ordusunun bu gün İranın Ərak şəhərinin şimal-qərbinə və Xeyrabad sənaye zonasına hava hücumları təşkil edəcəyini elan etməsindən sonra şəhərdə yerləşən Xəndab Ağır Su Kompleksinin iki mərhələdə vurulduğu bildirilmişdi. İranın Atom Enerjisi Təşkilatı da ABŞ və İsrailin Yəzd əyalətinin Ərdəkan rayonundakı müəssisəyə hücum etdiyini təsdiqləyib.
Qurum hücumdan sonra hər hansı radioaktiv sızmanın baş vermədiyini qeyd edib. İsrail ordusu İranın Yəzd əyalətində "sarı keks" kimi tanınan uran konsentratı istehsalı zavoduna qarşı hücuma görə məsuliyyəti üzərinə götürdüyünü elan edib. BAEA-nın məlumatına görə, "sarı keks" uran filizinin emalı nəticəsində əldə edilən və nüvə yanacağı istehsalı prosesinin ilkin mərhələlərində istifadə olunan uran konsentratıdır.


