Rusiya: Ermənistanla iqtisadi əlaqələrin gələcəyi ilə bağlı narahatıq
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Avropa İttifaqına (Aİ) doğru atdığı addımlara görə Ermənistanla iqtisadi münasibətlərin gələcəyi baxımından narahatlıq keçirdiklərini bildirib.
AFN.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdən sonra TASS agentliyinə danışan Overçuk, İrəvanın xarici siyasət kursunun iqtisadiyyata mənfi təsir etdiyini vurğulayıb.
O, Azərbaycanla Türkiyə arasında birbaşa dəmir yolu xəttinin tikintisinin davam etdiyinə diqqət çəkərək, bu layihənin hər iki ölkə üçün strateji dəyər daşıdığını qeyd edib. Ermənistan rəhbərliyinin Avrasiya İqtisadi Birliyi (AİB) ilə əlaqələrə önəm verdiyi barədə bəyanatları ilə real əməllərinin üst-üstə düşmədiyini deyən Overçuk, Moskva və İrəvan arasındakı iqtisadi münasibətlərin artıq fərqli müstəvidə qurulmalı olacağı nöqtəyə çox yaxınlaşdıqlarını bildirib.
Rusiya rəsmisinin sözlərinə görə, Ermənistanın Aİ ilə yaxınlaşması rus şirkətlərinin bu ölkəyə investisiya qoymaqda tərəddüd etməsinə səbəb olub. Belə ki, 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 5,1 milyard dollar azalıb.
Bundan əlavə, Overçuk Ermənistanın nüvə enerjisi müəssisələrinin təmiri üçün seysmik riskli zonalarda təcrübəsi olmayan avropalı podratçılarla əməkdaşlıq etməsini də kəskin tənqid edib.




