EGA: Əbu-Dabidəki istehsal mərkəzinə böyük ziyan dəyib
Birləşmiş Ərəb Əmirliklərində "Emirates Global Aluminium" (EGA) şirkətinin Əbu-Dabidə yerləşən "Al Taweelah" müəssisəsinə edilən hücumdan sonra ciddi dağıntılar yaranıb və istehsalın bərpası üçün 12 ay vaxt lazım ola bilər.
AFN.az xəbər verir ki, şirkətin yaydığı bəyanata görə, İran tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatı (PUA) hücumları nəticəsində Xəlifə Sənaye Bölgəsində (KEZAD) yerləşən zavod ağır zərər görüb. Hücumlar səbəbindən ərazi tamamilə təxliyə edilib, alüminium əritmə zavodu, tökmə sexləri, enerji stansiyası və emal müəssisələrində işlər təcili dayandırılıb.
Qeyd edək ki, "Al Taweelah" müəssisəsi 2025-ci ildə təxminən 1,6 milyon ton tökmə alüminium istehsal edərək qlobal bazarda mühüm yer tutub. Şirkətin baş icraçı direktoru Əbdünnasır bin Kəlban hücumu kəskin şəkildə pisləyərək, müxtəlif millətlərdən olan işçilərin hədəf alınmasını qəbulolunmaz adlandırıb.
Kəlban həmçinin vurğulayıb ki, bu müəssisə qlobal iqtisadiyyat üçün kritik əhəmiyyət kəsb edir və istehsalın dayanması dünya miqyasında bir çox sektorun tədarük zəncirinə mənfi təsir göstərəcək.



