İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına müqəddəs Pasxa bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
AFN.az xəbər verir ki, məktubda dövlət başçısı Azərbaycanın bütün xristian icmasını təbrik edərək, onlara xoşbəxtlik və əmin-amanlıq arzulayıb.
Prezident vurğulayıb ki, Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti ayrı-ayrı xalqların və etiqad mənsublarının harmonik birgəyaşayışında müstəsna rol oynayıb: “Biz cəmiyyətimizdə tarixən formalaşmış etnik-mədəni müxtəlifliyi və multikultural ənənələri müasir dövlətçiliyimizin unikal sərvəti kimi qiymətləndiririk”.
Məktubda həmçinin qeyd olunub ki, ölkəmizdə hər kəsə, o cümlədən xristian icmasına özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılıb. Dövlət başçısı xristian həmvətənlərimizin ölkənin ictimai-siyasi və sosial-mədəni həyatında fəal iştirakını, müstəqil dövlətimizin inkişafına verdiyi töhfələri məmnunluqla ifadə edib.
“Dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd olunur. Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!” – deyə Prezident məktubunu yekunlaşdırıb.




